Biz kimik
Gələcəyə Körpü Gənclər İctimai Birliyi 2000-ci
ilin aprel ayında bir qrup təşəbbüskar gənc tərəfindən
yaradılmış milli qeyri-hökumət təşkilatıdır.
Birlik – Gənclərin Mübadilə və Anlaşma (ing. dilində
YEU), Təhsil üçün İnsan Hüquqları beynəlxalq
şəbəkələrinin tam hüquqlu üzvüdür və onların İdarə
Heyətində öz üzvləri ilə təmsil olunur. Baş ofisimiz
Gəncə şəhərində yerləşsə belə, Azərbaycanın müxtəlif
bölgələrindən olan gənclər Birliyimizin üzvü və
könüllüləridir. Ümumi hesabla, Birliyimizin 150-dən çox
könüllüsü və 60-dan çox tam hüquqlu üzvü var. Beynəlxalq
səviyyədə Almaniya, Qazaxstan, Moldova, Polşa,
Portuqaliya, Rusiya, Ukrayna,
Gürcüstan, Türkiyə kimi ölkələrlə əməkdaşlıq edir.
Əksər beynəlxalq və yerli layihələri Avropa Şurası,
ABŞ-ın İnkişaf Agentliyi və bir sıra donor təşkilatları
tərəfindən maliyyələşdirilmışdir. Birlik həm Azərbaycan,
həm də Avropada gənclər sektorunun inkişafına verdiyi
töhfələrə görə dəfələrlə mükafatlandırılmışdır.
Bununla bərabər Birlik yerli hökümətlə xüsusilə Gənclər
və İdman Nazirliyi və onun yerli şöbəsi Gəncə şəhər
Gənclər və İdman baş idarəsi ilə sıx əməkdaşlıq edir.
Gələcəyə Körpü Gənclər İctimai
Birliyinin missiyası – Azərbaycanda fəal gənclərin
iştirakını təmin etməklə, sağlam vətəndaş cəmiyyəti
təsis etmək və gənclərin beynəlxalq səviyyədə ölkəmizi
təmsil etməsinə yardım etməkdir.
Gələcəyə Körpü gənclərin
cəmiyyətdə iştirak fəaliyyətini artırmaq, əmək
qabiliyyətini itirmiş gənclərə özlərini inkişaf
etdirməyə dəstək olmaq və işlə təmin olunmaları üçün
ehtiyac duyulan bacarıqların öyrədilməsinə yardım etmək,
gənclərin intelektual və peşəkar bacarıqlarını inkişaf
etdirmək, gəncləri könüllü işlərə cəlb etmək, gənclər
hərəkatı vasitəsilə, vətəndaş cəmiyyəti qurmaq, onların
ətraf mühit və turizm fəaliyyətində iştirakını təmin
etmək və azərbaycanlı gənclər ilə dünya gəncləri
arasında əməkdaşlığın yaranmasına şərait yaratmağa səy
göstərir. Bu vəzifələri yerinə yetirmək üçün Birlik
müntəzəm olaraq, yerli, milli və beynəlxalq səviyyəli
seminarlar, konfranslar, görüşlər, təlim
kursları/xidmətləri, iş düşərgələri həyata keçirir.
Gələcəyə Körpü – maddi mənfəət
güdməyən, heç bir siyasi və dini asılılığı olmayan
təşkilat olub gənclər üçün çalışan və yalnız gənclər
tərəfindən idarə olunan Birlikdir.
Gələcəyə Körpü Gənclər İctimai
Birliyinin üzvü olmaq üçün 18-35 yaş həddi olmaq
və təşkilatın missiyasını dəstəkləmək kifayətdir.